UEFA Çempionlar Liqasının B qrupunda “Liverpul” – “Milan” matçı diqqət mərkəzində olub. Mersisayd klubu erkən qolla önə keçib. 9-cu dəqiqədə qonaqlardan Fikayo Tomori avtoqol müəllifi olub. 14-cü dəqiqədə “Liverpul” fərqi artırmaq üçün əla imkan qazansa da, Məhəmməd Salah penaltidən yararlana bilməyib. Hissənin sonuna yaxın fəallaşan “Milan” 2 dəqiqə hesabı xeyrinə dəyişib. Ante Rebiç 42, Braim Dias 44-cü dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Amma Stefano Piolinin komandası sərfəli hesabı qoruya bilməyib. “Qırmızılar” dönüş edərək qalib gəliblər. Əvvəlcə 49-cu dəqiqədə Məhəmməd Salah hesabı bərabərləşdirib. 69-cu dəqiqədə isə Cordan Henderson “Liverpul”un 3:2 hesablı qələbəsini təmin edib.
B qrupunun digər oyununda “Atletiko” Madrid və “Portu” üz-üzə gəlib. İlk hissədə hesab açılmayıb. Sona yaxın “Portu”nun iranlı futbolçusu Mehdi Taremi topu Madrid klubunun qapısından keçirib. Lakin VAR-a baxılandan sonra qayda pozuntusu qeydə alındığına görə qol sayılmayıb. 2-ci hissəyə artırılan 5-ci dəqiqədə “Portu”nun heyətində Şansel Mbembanın meydandan kənarlaşdırılması yadda qalan sonuncu hadisə olub: “Atletiko” Madrid – “Portu” 0:0.